Ankara vətəndaşlarına Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Azərbaycan qanunlarına əsasən, bu torpaqlara (rəsmi Bakının icazəsi olmadan - İF) gedənlərə sanksiya tətbiq edilir. İşğal altındakı bölgələrə gedən vətəndaşlarımıza zəruri hallarda konsulluq xidməti mümkün olmadığını, vətəndaşlarımıza işğal altındakı bölgələrə səyahət etməkdən çəkinmələri, bunun faydalı oldğunu xatırladırırıq”, - bəyanatda vurğulanır.
Bəyanatda qeyd edilir ki, Türkiyə bu işğalın sona çatması üçün 25 ildir Azərbaycanla birlikdə fəaliyyət göstərir.
“Azərbaycan hökumətinin icazəsi olmadan həmin ərazilərə səfər edilməsi beynəlxalq hüquqa ziddir”, - XİN-dən bildiriblər.
Ötən həftə Azərbaycanın Baş Prokurorluğu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən dörd nəfər Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib. Onlar barəsində cinayət işi başlanıb. Bundan başqa, Baş Prokurorluq həmin 4 nəfərin saxlanması ilə bağlı Türkiyə hökumətinə müraciət edib. **
F.İsazadə