Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq üzrə yeni sazişə dair danışıqlarin tezliklə və uğurla başa çatacağına ümid edir. Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens deyib.
“Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması ilə bağlı müvafiq danışıqlar davam edir. Ümidvarıq ki, danışıqlar tezliklə və uğurla başa çatacaq”, - V.Stivens çərşənbə günü parlamentin spikeri Oqtay Əsədovla görüşdə bildirib.
Aİ-nin Komitə sədri Avropa İttifaqının Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini deyib. “Avropa İttifaqı və onun qurumları Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”, - V.Stivens qeyd edib.
O.Əsədov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına böyük önəm verir. “Əlaqələrin bundan sonrakı inkişafında Avropa İttifaqı ilə imzalanacaq yeni sazişin mühüm rolu olacaq. Azərbaycan bu sazişin imzalanması üçün əlindən gələni edir”, - o vurğulayıb. **
R.Babayev