Bakı Avropa İttifaqı ilə strateji tərəfdaşlıq üzrə danışıqların tezliklə yekunlaşmasında maraqlıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
İ.Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin rəhbərliyi ilə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
“Bu ilin fevral ayında mənim Brüsselə çox uğurlu səfərim oldu. Səfərdən bir gün sonra biz Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzərində rəsmi danışıqlara başladıq. Məndə olan məlumata görə, danışıqlar uğurla davam edir. Bizdə danışıqları gec olmaqdansa, daha tez yekunlaşdırmaq istəyi var və biz Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istəyirik”, - prezident bildirib.
Dövlət başçısı yeni sazişlə Bakının Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf edəcəyinə ümid edir.
“Avropa bizim əsas ticarət tərəfdaşımızdır.Avropa irsi həmişə Azərbaycanda mövcud olub və indi təhlükəsizlik, siyasi inkişaf, ticarət, enerji, nəqliyyat, multikulturalizm kimi bütün vacib məsələləri özündə ehtiva edəcək yeni sazişlə biz Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf edəcəyinə ümid edirik”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə