Prezident İlham Əliyev 21 noyabr tarixində Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitinin yekun bəyannaməsində Avropa Komissiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dair dəqiq mövqenin nümayişini gözləyir.
İ.Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin rəhbərliyi ilə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
“Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik”, - prezident görüşdə bildirib.
“Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir”,- İ.Əliyev bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, bir neçə gündən sonra (oktyabrın 7-də -İF) ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcə. “Biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik. Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi”, dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, “bu ölkə özünü belə apara bilməz”. **
F.İsazadə