Prezident İlham Əliyev noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində iştirak edəcəyini təsdiq edib.
“Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, Zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan lap əvvəldən “Şərq Tərəfdaşlığı” proqramına dəstək verdi”, - İ.Əliyev İ.Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin rəhbərliyi ilə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə bildirib.
Onun sözlərinə, Azərbaycanın bu Sammit üçün ümidləri böyükdür. Eyni zamanda, prezident vurğulayıb ki, Azərbaycan lap əvvəldən fərdi yanaşmaya nail olmaq istəyib. “Biz geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkəyik”, - o əlavə edib.
İ.Əliyev bildirib ki, əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları Azərbaycanın bu cür mövqeyinə yaxşı yanaşmadı. “Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq.Bu, belə deyildi. Əslində, biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu, çox müsbətdir. Şərq Tərəfdaşlığı, əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir”, - prezident vurğulayıb.
Həmçinin, dövlət başçısı Avropa strukturları ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını qeyd edib. **
A.Əzizov