Azərbaycan indiyədək qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 6 mlrd. manatdan çox vəsait xərcləyib. Bu barədə birinci vitse-prezident Mehriban Əliyeva bəyan edib.
“Ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bu komplekslər bütün zəruri infrastrukturla təmin edilib. Əlli min qaçqın və köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə, yeni mənzillərə köçürülüb. Dörd yüz min qaçqın və köçkün yeni işlə təmin olunub. Ümumilikdə, dövlətimiz bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib”, - M.Əliyeva məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində bildirib .
Onun sözlərinə görə, bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksinin təməli qoyuldu. “Yaşayış kompleksi bütün lazımi infrastrukturla təmin olunacaq, orada binalarla yanaşı, uşaq bağçası, məktəb tikilir və gələn il 1,026 min yeni, tam təmirli mənzil qaçqın və məcburi köçkün ailələrinin istifadəsinə veriləcək”, - M.Əliyeva qeyd edib.
O əlavə edib ki, bu ilin iyun ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsində çox pis vəziyyətdə olan pansionatda və Xətai rayonunda yarımçıq tikilmiş binada yaşayan 214 ailə Mehdiabad və Masazır qəsəbələrində yeni tikilmiş, tam təmirli evlərə köçürülüb. “Bu gün isə biz Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş binalardakı tam təmirli mənzillərə 210 ailə, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş binadakı tam təmirli mənzillərə 50 ailə və Xətai rayonunda inşa edilmiş binadakı tam təmirli mənzillərə 465 ailə köçürürük. Ümumilikdə bu, 725 ailənin yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir”, - birinci vitse-prezident vurğulayıb. **
A.Əzizov