Bazar ertəsi Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüş zamanı bəyan edib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir.
“Əməkdaşlığımızın hansı xarakter daşınmasına dair heç kimin qarşısında bəraət qazanmaq istəmirəm. Lakin bir şeyi qeyd edəcəyəm, münasibətlərimiz heç bir beynəlxalq müqavilə, bütövlükdə Təhlükəsizlik Şurası və BMT-nin heç bir qətnaməsini pozmur. Biz suveren müstəqil dövlətik və zamanın tələbinə uyğun, ölkələrimizin tələbatına əsasən əməkdaşlıq istiqamətlərini müəyyən edə bilərik”, - A.Lukaşenko bildirib.
O həmçinin vurğulayıb ki, iki ölkənin xalqları arasında münasibətlər qardaşlıq xarakteri daşıyır. “Biz bir ölkə çərçivəsində mövcud olmuşuq. Bizim azərbaycanlılara qarşı heç bir iddiamız yoxdur. Onlara böyük hörmətlə yanaşırıq. Əsas da odur ki, yaxşı yadımdadır, çətin zamanlarda sizin prezidentiniz hər zaman Belarus xalqına dayaq olub”, - A.Lukaşenko qeyd edib.
“Biz bütün bunları xatırlayırıq və Azərbaycan üçün əlimizdən gələni etməyə hazırıq ki, xalqınız təhlükəsiz yaşasın, inkişaf etsin. Azərbaycan xalqının rifahı, əhalinin gəlirləri artsın. Biz yalnız bu cür nəcib məqsədlər üçün çalışacağıq”, - Belarus prezidenti əlavə edib.
“Təbii ki, Azərbaycanın özünü Belarus kimi sakit, etibarlı hiss etməsi üçün müdafiəni gücləndirməlidir. Yeni heç nə yoxdur. Bu sahədə sizinlə birgə çalışırıq və bu işi davam etdirəcəyik”, - A.Lukaşenko vurğulayıb.
Həmçinin o, Azərbaycan prezidenti İlham Əliyevlə dostluq münasibətlərinə xüsusi toxunaraq həmkarına ən səmimi arzularını çatdırmağı xahiş edib. “Düşünürəm ki, yaxın zamanda biz görüşəcəyik və müxtəlif mövzulara dair söhbət etmək imkanımız olacaq”, - A.Lukaşenko bildirib.
Öz növbəsində, Z.Həsənov sıx qrafikə baxmayaraq görüş imkanına görə Belarus liderinə minnətdarlığını bildirib. “Biz bunu prezidentimizə, xalqımıza, ölkəmizə hörmət əlaməti kimi qiymətləndiririk”, - nazir vurğulayıb.
Z.Həsənov A.Lukaşenkoya Azərbaycan prezidentinin ən xoş arzularını çatdırıb. “O sizin, iki xalq arasında münasibətləri xüsusi qeyd edib. Azərbaycanda Belarusu və sizi sevirlər, ölkənizə hörmətlə yanaşırlar. Bütün sahələrdə sıx əlaqələrimiz var. Siz tamamilə haqlısınız, bizim biri-birimizdən öyrənəcəyimiz çox şey var”, - Z.Həsənov bəyan edib. **