“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri-1” gəmi-bərəsi təmir olunur. Bu barədə QSC-dən məlumat verilib.
Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda aparılır.
“Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklərəsaslı təmir olunur. Eyni zamanda gəmi qazanı sazlanır, bərənin köhnə kompressorları yeniləri ilə əvəzlənəcək”, - məlumatda deyilir.
Bundan başqa, bərənin sualtı və suüstü hissəsində, vaqon göyərtəsində təmizləmə və qruntlama işləri aparılır.
Əsaslı təmir və sınaq üzüşü yekunlaşdıqdan sonra isə gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.
Bərənin uzunluğu 154.50, eni isə 18.3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir.
Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var. **
N.Abbasova