2017-ci ildə 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət başçısının saytında verilən məlumata görə, bunu prezident İlham Əliyev deyib.
“Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır”, - bazar ertəsi İ.Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, gələn il bölgələrdə 10-a yaxın fabrik açılacaq.
“Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir”, - prezident bəyan edib.
İ.Əliyev bildirib ki, xalçaçılığın çox böyük potensialı var.
Onun sözlərinə görə, bu il və gələn il müxtəlif bölgələrdə yun qəbulu məntəqələri açılacaq.
“Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq.Əlbəttə ki, biz bundan sonra xarici bazarlara çıxışı təmin etməliyik”, - İ.Əliyev bildirib. **
R.Babayev