2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan $128 mln. məbləğində pomidor ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 59% çoxdur. Bunu prezident İlham Əliyev deyib.
“Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 mln. dollar gətirib və 59% artım var. Bununla belə, pomidor istehsalı 60% artıb”, - bazar ertəsi İ.Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycan kartof ixracını 63%, soğan ixracını 15, pambıq ixracını 2,4 dəfə, süd məhsullarının ixracını 4 dəfə, şərab ixracını 56% artırıb.
“Meyvə-tərəvəz emalı məhsullarının ixracı 1,5 dəfə, tütün məmulatları 45%, çay 63%, şokolad 65% artıb.
İ.Əliyev vurğulayıb ki, 8 ay ərzində qızıl ixracı 56%, elektrik enerjisi 4,1 dəfə, kimya sənayesi məhsulları 25%, avadanlıqlar, mexaniki qurğular 48% artıb.
“Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək”, - prezident əlavə edib. **
A.Əzizov