Bakı Nəqliyyat Agentliyi Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlayıb. Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.
“Heydər Əliyev Beynəlxalq Hava Limanında xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” QSC ilə birlikdə işlər görülür”, - V.Kərimli bildirib.
Onun sözlərinə götrə, Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur. Taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar.
V.Kərimli məlumat verib ki, hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır. **
N.Abbasova