Bakı Nəqliyyat Agentliyi paytaxtda 17 ədəd yerüstü keçidin tikilməsini təklif edir. Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
“Şəhərin ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb. 74 yol kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb”, - V.Kərimli bəyan edib.
Bundan başqa, onun sözlərinə görə, paytaxtın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə 1100 ədəd piyada keçidinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq salınması nəzərdə tutulur.
“Sağlamlıq imkanları məhdud insanların istifadə etməsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb”, - V.Kərimli əlavə edib.
Bununla bərabər, BNA əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb. Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub.
“O cümlədən, BNA “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro stansiyalarının yaxınlığında nəqliyyat mübadilə mərkəzlərinin təşkilini planlaşdırır. Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir”, - V.Kərimli vurğulayıb. **
N.Abbasova