Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda mübarizəni dayandırmağı qərarı verdiyini təsdiq edib.
“Seçkilərə az müddət qalmış biz intensiv seçki kampaniyası keçirtdik. Bu çətin işdə mənə yardım göstərənlərə təşəkkürümü bildirirəm. Lakin qələbə üçün lazım olan 30 səs uğrunda aparılan yüksək rəqabətli mübarizə zamanı biz seçkiqabağı kampaniyadakı uğuru davam etdirə bilmədik və lazımi sayda səs toplaya bilmədik. Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım. Lakin mən hesab edirəm ki, borcumu yerinə yetirmişəm, çünki məndən asılı və lazım olan hər şeyi etmişəm”, - Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
Onun sözlərinə görə, YUNESKO bütün dünyanın əsas humanitar təşkilatı olaraq, bütün qitələrin bütün ölkələrində təhsilin, elmin, mədəniyyətin və kommunikasiyaların inkişafında böyük rol oynayır.
“Bu nüfuzlu təşkilatın rəhbəri vəzifəsinə irəli sürülməsi faktının özü istənilən insanın həyatında böyük nailiyyətdir. Onunla qürur duymaq olar ki, postsovet tarixində bu yüksək vəzifəyə irəli sürülən və seçimdən keçən ilk yaradıcı insanam. Düşünürəm ki, bu hadisə gənc Azərbaycan diplomatiyası üçün böyük məktəbdir”, - səfir vurğulayıb. **
A.Əzizov