2017-cı ilin 9 ayında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 13 mln. 433,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edib. Bu barədə nazirlikdən məlumat verilib.
“2017-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 405 cinayət işi üzrə aparılan araşdırmalar zamanı13 mln. 433,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib”, - məlumatda deyilir.
Hesabat dövrü ərzində 64 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işlərindən 80 iş üzrə 90 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
9 ay ərzində İstintaq idarəsində 334 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Yanvar-sentyabr aylarında vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 14 nəfər şəxs tutulub.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb. **
A.Əzizov