2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 24 mlrd. 800,8 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 12,6 mlrd. manat (2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 1,4%), qeyri-ərzaq mallarının alınmasına 12,2 mlrd. manat (artım 2,9%) sərf olunub.
Cari ilin yanvar-sentyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,2%-i avtomobil yanacağının, 1,4 %-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
A.Əzizov