SOCAR 2018-ci ildə Bakı-Novorossiysk nefti neft kəməri ilə 1,5 mln. ton Azərbaycan nefti ixrac etməyi planlaşdırır. Bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə deyib.
"SOCAR gələcəkdə Bakı-Novorossiysk neft kəmərinin fəaliyyətini dayandırmaq niyyətində deyil və 2018-ci ildə bu marşrut üzrə 1,5 mln. ton Azərbaycan nefti ixrac etməyi planlaşdırır", - deyə o, bu gün Bakıda keçirilən “Argus-2017” Beynəlxalq neft sammiti çərçivəsində "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
İdarə rəisi qeyd edib ki, SOCAR Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilən neft həcmlərinin başqa istiqamətə yönləndirilməsi imkanlarını nəzərdən keçirir və "Rusiya tərəfi ilə boru kəmərinin əks istiqamətdə istifadə olunması məsələsi ilə bağlı danışıqlar aparır.
A.Əhmədzadə əlavə edib ki, Bakı-Novorossiysk neft kəmərinin əks istiqamətdə istifadəsinə dair danışıqlar artıq bir neçə ildir aparılsa da, bir nəticə verməyib. "İqtisadi aspektlər bu layihənin reallaşdırılmasını çətinləşdirir", - deyə o vurğulayıb.*
N.Abbasova