Azərbaycan və Bolqarıstan ticarət və investisiya sahələrində əməkdaşlığı aktivləşdirməlidir. Prezident İlham Əliyev belə hesab edir.
“Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür”, - İ.Əliyev Bolqarıstan prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdə bildirib.
Dövlət başçısı vurğulayıb ki, tərəflər ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməlidir. “Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq”, - o əlavə edib.
R.Radev öz növbəsində vurğulayıb ki, Azərbaycan və Bolqarıstan arasında intensiv dialoq qurulub. “Siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk.Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır”, - o bildirib.
Onun rəyinə görə, Azərbaycan və Bolqarıstan daşımalar və nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensiala malikdir. “Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq”, - R.Radev vurğulayıb. **
A.Əzizov