Sumqayıtda Karbamid zavodunun tikinti işlərinin 93,3%-i başa çatıb. Bunu direktorun baş direktoru Xəyal Cəfərov cümə günü Bakıda keçirilən “Argus-2017” Beynəlxalq neft sammitində çıxışında bildirib.
“İndiyədək Karbamid zavodunun tikintisi çərçivəsində layihə işləri 100%, tikinti işləri 93,3%-i tamamlanıb. Ümumilikdə, layihə üzrə işlərin 98%-i reallaşdırılıb”, - X.Cəfərov məlumat verib.
Onun sözlərinə görə, 2017-ci ilin sonunda işə salma-təşkil işlərinə başlanacaq. 2018-ci ildə zavod istismar üçün SOCAR-a veriləcək.
X.Cəfərov məlumat verib ki, zavodda 300-350 nəfər çalışacaq.
Layihənin reallaşdırıması məqsədilə 500 mln. avro həcmində kredit xətti cəlb olunub. Bunun 251 mln. avrosu Koreyanın “Eximbank”, 249 mln. avro “UniCredit”, “Societe Generale” və “Deutche Bank”dan cəlb edilib.
“Kredit vəsaiti EPC-podratçı “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilən işlərə sərf olunur. Bu layihə çərçivəsində vergidən azad olunmamışıq və zəruri ayırmaları dövlətə ödəyirik. SOCAR öz vəsaitindən bu məqsədlərə 60-65 mln. avro yönəldib”, - o qeyd edib.
Təbii qazla işləyən zavodun sutkalıq istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid təşkil edəcək. Müəssisə 3 istehsal bölməsindən ibarət olacaq: ammonyak istehsalı, karbamid istehsalı və karbamidin qranulyasiyası bölmələri. **
N.Abbasova