Azərbaycan Bolqarıstanla qaz sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu prezident İlham Əliyev deyib.
“Bolqarıstan maliyyə tutumu 40 milyard dollara bərabər olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin üzvüdür. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq”, - deyə oktyabrın 13-də prezident İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq.
"Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq. Bir halda ki, Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq”, - deyə prezident qeyd edib.
İ.Əliyev əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək və Bolqarıstan da bu layihədə fəal iştirak edəcək.*
A.Əzizov