Azərbaycan və Bolqarıstan prezidentləri aidiyyəti orqanlara ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etməyi tapşırıblar. Bunu Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər”, - İ.Əliyev Bolqarıstan prezidenti Rumen Radev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Prezident İ.Əliyev Bakı və Sofiya arasında siyasi dialoqu yüksək xarakterizə edib. “Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı”, - o qeyd edib.
Onun sözlərinə görə, bu sahədə böyük perspektivlər ola bilər.
“Bu gün mən prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək”, - İ.Əliyev əlavə edib ki, indi hazırlıq işləri gedir.
“Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq”, - İ.Əliyev vurğulayıb. **
R.Babayev