Sofiya və Bakı arasında yanacaqdoldurma stansiyaları şəbəkəsinin genişləndirilməsi sahəsində birgə fəaliyyət qurula bilər. Bunu Bolqarıstan prezidenti Rumen Radev bəyan edib.
“Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Məişət sektorunun qazlaşdırılmasında, eləcə də Bolqarıstanın yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında birgə işləməyə hazırıq”, - R.Radev Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi qazın nəqli mənbələrinin və marşrutlarının inkişafı, onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsində həlledici rol oynayır.
“Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik”, - R.Radev bildirib. **
A.Əzizov