Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə ikitərəfli əməkdaşlıq və bölgədə təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilən səmərəli əməkdaşlıq təcrübəsini müzakirə edən tərəflər bu münasibətlərin bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaratdığını xüsusi qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin Silahlı Qüvvələrin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin, o cümlədən hərbi mütəxəssislərin görüşlərinin təşkili və keçirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə köməklik göstərəcəyi bildirilib.
“Tərəflər Gürcüstanın da iştirakı ilə üçtərəfli və ikitərəfli formatda birgə təlimlərin keçirilməsinin Silahlı Qüvvələrimizin bölmələri arasında əməliyyat uzlaşmasının əldə olunmasına və regional təhlükəsizliyə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər”, - deyə məlumatda vurğulanır.*
R.Babayev