Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri bu gün Tbilisidə keçirilən görüşdə üçtərəfli hərbi əməkdaşlığın dərinləşməsi, birgə təlimlərin keçirilməsi ilə bağlı məsələləri müzakirə edirlər. Bu barədə jurnalistlərə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu görüş çərçivəsində oktyabrın 16-da Azərbaycan və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov və Levan İzoriya arasında danışıqlar aparılıb. Tərəflər regionda sabitliyin möhkəmləndirilməsi və qorunması məqsədi ilə üçtərəfli formatda əməkdaşlığın davam etdiriməsinin əhəmiyyətini vurğulayıblar.
"Üçtərəfli formatda əməkdaşlığımız çox yaxşı inkişaf edir. Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin cari ilin mayında Batumidə baş tutan görüşündə hərbi qulluqçularımızın müxtəlif formatlarda birgə təlimlərə cəlb olunması prosesini aktivləşdirməyə hazır olduğumuzu bildirmişik. Biz bu dinamikanı davam etdirməyə və gələcəkdə daha da intensivləşdirməyə hazırıq", - deyə L.İzoriya görüşdən sonra qeyd edib.
Öz növbəsində Z.Həsənov bildirib ki, üçtərəfli formatda əməkdaşlıq yüksək səviyyədə inkişaf edir.
"Regional təhlükəsizliyin qorunması üçün müxtəlif tədbirlər, o cümlədən birgə hərbi təlimlər keçirilir. Ümid edirəm ki, bu təlimlər daha intensiv xarakter alacaq", - deyə o vurğulayıb.
Görüşdə nazirlər Azərbaycan və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan ediblər.*