Oktyabrın 17-də Tbilisidə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimir Çaçibaia üçtərəfli hərbi təlimlərin keçirilməsi məsələsini müzakirə ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər”, - deyə məlumatda bildirilir.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
“Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər”, – deyə məlumatda qeyd olunur.
Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.*
R.Babayev