“Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 300-dən çox şirkət iştirak edəcək. Bunu "ITE Group " şirkətinin icraçı direktoru Edvard Stroon deyib.
““Xəzər İnşaat Həftəsi”ndə 28 ölkədən 310 şirkət iştirak edir. Sevindirici haldır ki, bu şirkətlərin təxminən üçdə bir hissəsi regionda qeyri-neft sektorunun ən böyük sərgi-tədbirində ilk dəfədir iştirak edir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
İcraçı direktor Türkiyə və Çinin sərgilərə iri nümayəndə heyətləri ilə qatıldığını qeyd edib.
18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi, 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku-2017” və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian-2017” sərgiləri keçiriləcək.
“Sərgi iştirakçılarının 40%-i Azərbaycan şirkətlərindən ibarətdir və bura inşaat sahəsində fəaliyyət göstərən istehsalçı, distributor və şirkətlər daxildir”, - deyə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev qeyd edib.*
R.Babayev