Azərbaycan və Rusiya Xəzərdə kruiz marşrutunun təşkili ilə bağlı ilkin razılığa gəlib. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bu gün Caspian Energy biznes forumunda deyib.
"Azərbaycan Xəzərdə kruizin təşkil olunmasında iştirakda maraqlıdır. Ancaq bu layihənin həyata keçirilməsində əsas problem müvafiq gəmilərin olmamasıdır. Hazırda Rusiyada iki gəmi inşa olunur, tikinti işləri gələn il başa çatacaq", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, Xəzər dənizində kruizin təşkil olunması məsələsinin müzakirə edilməsi üçün beş Xəzəryanı ölkənin nümayəndələrinin iştirakı ilə görüş keçirilməlidir.
"Bakı limanı belə kruizin təşkilinə hazırdır. Ancaq Xəzəryanı ölkələrdən bəziləri bu və ya digər səbəblərdən layihəyə dərhal deyil, sonrakı mərhələlərdə qoşula bilər. Buna görə də başqa dövlətlər tərəfindən ləngimənin olacağı təqdirdə Azərbaycan və Rusiya kruizin ilkin mərhələdə iki ölkə arasında təşkil edilməsinə dair şifahi razılığa gəlib", - deyə N.Səmədov vurğulayıb.*
N.Abbasova