Polşa prezidenti Andjey Duda 2018-ci ildə Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
"Polşa prezidenti gələn il Azərbaycana gələcək", - deyə o, bu gün Bakıda polşalı həmkarı Vitold Vaşçikovski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
E.Məmmədyarov vurğulayıb ki, indiyə qədər Azərbaycan və Polşa arasında 41 sənəd imzalanıb. "Daha 10 sənəd isə müzakirə mərhələsindədir", - deyə o qeyd edib.
XİN başçısının sözlərinə görə, Azərbaycan Polşa ilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. "Biz yüklərin Çinə və əks istiqamətə nəqli üçün Polşa, Baltik ölkələri, Ukrayna, Gürcüstan və Azərbaycanın iştirakı ilə nəqliyyat dəhlizi yaratmaq istəyirik. Bu dəhlizə İran və Hindistan da qoşula bilər. Layihə müzakirə olunur", - deyə E.Məmmədyarov əlavə edib.*
R.Babayev