2016-cı ilin yekunları üzrə Azərbaycan və Avstraliya arasında ticarət dövriyyəsinin həcmi cəmi $8 milyon, 2017-ci ilin 9 ayı ərzində isə$4 milyon təşkil edib. Bunu bu gün Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.
"Ölkələrimiz arasında ticarət dövriyyəsinin bu həcmi bizi qane edə bilməz və iqtisadi münasibətlərimizin bütün potensialını əks etdirmir. Bugünkü biznes forum ölkələrimizin iş adamları arasında keçirilən ilk belə tədbirdir və əsas məqsədi konkret perspektivlərin və layihələrin müəyyən edilməsi və bu əsasda birgə biznesin yaradılmasıdır", - deyə o bildirib.
Fondun prezidenti vurğulayıb ki, kənd təsərrüfatı, neft-qaz, turizm, nəqliyyat və logistika sahələrində fəaliyyət göstərən 20 Avstraliya şirkətinin nümayəndələri Azərbaycana gəlib.
R.Məmmədovun sözlərinə görə, Avstraliya şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa hazırdır. "Onlar turizm, nəqliyyat, logistika və kənd təsərrüfatı emalına xüsusi maraq göstərir", - deyə o qeyd edib.*
B.Rüstəmbəyov