Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməlidir. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycan və Polşa arasında əməkdaşlıq və əldə edilmiş uğurlar siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməlidir və Azərbaycan bu istiqamətdə fəal iş aparır”, - deyə dövlət başçısı oktyabrın 18-də Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Nazir V.Vaşçikovski isə qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa toxunan XİN başçısı Avropa İttifaqının xarici siyasətində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.
Prezident İ.Əliyev Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan tərəfinin danışıqlar prosesini uzatmağa meyilli olduğu qeyd edilib.*
A.Əzizov