Varşava Bakı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu sözləri Polşanın xarici işlər naziri Vitold Vaşçikovski deyib.
"Azərbaycan Polşa üçün mühüm dövlətdir və biz ikitərəfli əməkdaşlığı genişləndirmək istəyirik. Varşava Bakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də sıx əməkdaşlıq edir", - deyə V.Vaşçikovski bu gün Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında bildirib.
Polşalı diplomat vurğulayıb ki, Azərbaycanın Şərq Tərəfdaşlığı Sammitindən böyük gözləntiləri var.
"Azərbaycanın Şərq Tərəfdaşlığı Sammitindən (noyabrda Brüsseldə keçiriləcək – İF) böyük gözləntiləri var. Biz açıq qapı siyasətini saxlamaq istəyirik. Bununla belə, heç kimi yaxın vaxtlarda proqrama dəvət etməyə hazırlaşmırıq. Amma bu proqrama daxil olan ölkələrlə əməkdaşlığı genişləndirmək üçün bu formatı saxlamaq lazımdır”, - deyə o qeyd edib.
V.Vaşçikovski əlavə edib ki, E.Məmmədyarovla görüşdə təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub.
Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.*
R.Babayev