Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülmüş Şahbaz Quliyev zəruri müayinə prosedurlarını keçib, onun səhhətində hər hansı problem aşkar edilməyib və sağlamlıq durumu normal vəziyyətdədir. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dövlət Komissiyasına aidiyyəti beynəlxalq təşkilatlar tərəfindənverilmiş məlumata əsasən, Şahbaz Quliyev bu ilin avqust ayında müayinə məqsədi ilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib.*
R.Babayev