Azərbaycanda sənaye parklarının rezidentləri tərəfindən ümumilikdə $1,1 mlrd.-a yaxın investisiya qoyulub. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir: Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları. İndiyə qədər bu parkların rezidentləri tərəfindən sənaye parklarında həyata keçirilən layihələrə $1,1 mlrd.-a yaxın sərmayə qoyulub", - deyə nazir qeyd edib.
O vurğulayıb ki, bu investisiyalar 5,5 mindən çox iş yerinin yaradılmasına imkan verib.
"Növbəti mərhələdə sənaye parklarında reallaşdırılan layihələrə $850 mln.-dan çox investisiya qoyulacaq ki, bu da 7,5 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək", - deyə Ş.Mustafayev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın regionlarında kiçik və orta biznesin inkişafı məqsədi ilə sənaye məhəllələri yaradılır. Bundan başqa, hökumət aqroparkların yaradılmasını təşviq edir. "Ölkənin 26 rayonunda 38 aqroparkın yaradılması planlaşdırılır. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarının yaradılması üzrə işlərin birinci mərhələsi başa çatıb, daha 12 aqroparkın yaradılması istiqamətində isə işlərə başlanılıb.*
A.Əzizov