Son 10 ildə Azərbaycanda ümumi gücü 2300 MVt-dan artıq 20-dən çox elektrik stansiyası tikilib istismara verilib. Bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.
“Son 10 ildə ümumi gücü 2300 MVt-dan artıq 20-dən çox elektrik stansiyası tikilib istismara verilib, ümumi uzunluğu 10 min kilometrdən artıq olan elektrik verilişi xətləri çəkilib, xeyli sayda yarımstansiya inşa edilib və yenidən qurulub, ən son elmi-texniki yeniliklərə əsaslanan rəqəmsal texnologiya - SCADA sistemi tətbiq edilib”, – deyə o, rəsmi "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
ASC prezidenti son illərdə istismara verilmiş ən iri elektrik stansiyalarından gücü 300 MVt olan Səngəcal, 525 MVt gücündə Sumqayıt, 780 MVt gücündə “Cənub” elektrik stansiyalarını qeyd edib.
E.Pirverdiyevin sözlərinə görə, görülmüş işlərin nəticəsində ölkəmizin nəinki enerji təhlükəsizliyi təmin edilib, həm də ixrac potensialı yaranıb.*
B.Rüstəmbəyov