Azərbaycan 2017-ci ilin I yarısında xaricə 25 milyon dollar dəyərində elektrik enerjisi ixrac edib. Bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.
“I yarımillikdə Azərbaycan elektrik enerjisi ixracını 300 faiz artırıb, bu dövrdə xaricə elektrik enerjisi satışının dəyəri 25 milyon dollar təşkil edib”, - deyə o, rəsmi "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
ASC prezidentinin sözlərinə görə, bu gün ölkəmizin elektrik enerjisi üzrə regional bazarlarda, həmçinin “Şimal-Cənub” və “Şərq-Qərb” enerji dəhlizlərində fəal iştirakının təmin edilməsi aktual məsələlərdəndir.
“Bu məqsədlə Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlər həyata keçirilir. Enerji mübadiləsini və tranzitini həyata keçirən yüksək gərginlikli xətlər yenidən qurulub və qurulmaqdadır. Onların ötürücülük qabiliyyəti artırılıb. Hazırda Azərbaycanın enerji sistemi Rusiya Federasiyasının və Gürcüstanın enerji sistemləri ilə paralel rejimdə işləyir. Türkiyə enerji sistemi ilə Naxçıvan MR arasında birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə əlaqə həyata keçirilir. Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması bizə gələcəkdə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaq imkanı verəcək”, - deyə E.Pirverdiyev vurğulayıb.*
B.Rüstəmbəyov