Dünya Bankı (DB) 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-nin artım tempinin 1,5%-dək yüksələcəyini proqnozlaşdırır.
Bankın saytında dərc edilmiş proqnozlara görə, 2017-ci ildə Azərbaycanda ÜDM-nin həcmi 1,4% azalacaq.
2018-ci ildə iqtisadi artım 0,9%, 2019-cu ildə 1,5% təşkil edəcək.
"İqtisadiyyatın bərpasının bir sıra risklərlə əlaqədar kövrək proses olacağı gözlənilir. Azərbaycan hökuməti iqtisadi artımı dətəkləmək üçün makroiqtisadi sabitliyi təmin etməlidir. Bu, bank sektorunda vəziyyətin sabitləşməsi, kreditləşmənin artırılması, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da şaxələndirilməsidir", - bank qeyd edir.
Proqnozlara əsasən cari ildə kənd təsərrüfatı sahəsində artım 2,7%, 2018-2019-cu illərdə 2,8%, 2017-ci ildə sənaye sahəsində azalma 2,7%, 2018-ci ildə 0,1%, 2019-cu ildə artım 0,7% təşkil edəcək. 2017-ci ildə xidmət sahəsində artım 0,7%, 2018-ci ildə 2,4%, 2019-cu ildə 2,8% səviyyəsində gözlənilir.
DB 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 11,2% səviyyəsində proqnozlaşdırır. 2018-ci ildə inflyasiya templəri 5%-dək, 2019-cu ildə 4,9%-dək zəifləyəcək.
Cari ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 3,5%-i, 2018-ci ildə ÜDM-nin 4,5%-i, 2019-cu ildə ÜDM-nin 3,9%-i səviyyəsində proqnozlaşdırılır.
DB-nin qiymətləndirmələrinə əsasən 2017-ci ildə ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları ÜDM-nin 2,8%-ni, 2018-ci ildə ÜDM-nin 2,6%-ni, 2019-cu ildə ÜDM-nin 2,4%-ni təşkil edəcək.
Azərbaycan hökuməti 2017-ci ildə ÜDM artımını 1%, orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov