Azərbaycanın 2018-ci il dövlət büdcəsinin kəsiri 778,7 mln. manat və ya xərclərin 3,7%-i səviyyəsində proqnozlaşdırılır.
2018-ci il dövlət büdcəsinin layihəsi bu gün rəsmi mətbuatda dərc edilib.
Layihəyə əsasən gələn il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat (2017-ci ilə olan proqnozla müqayisədə artım 20%), xərcləri isə 20 mlrd. 905,7 mln. manat (artım 16,5%) təşkil edəcək.
Gəlirlərin strukturunda Dövlət Neft Fondundan 2018-ci il dövlət büdcəsinə transfertlər 9 mlrd. 216 mln. manat və ya büdcə gəlirlərinin 45,8%-i səviyyəsində nəzərdə tutulub.
Gələn il dövlət büdcəsinə əlavə dəyər vergisindən (ƏDV) 4 mlrd. 288 mln. manat, hüquqi şəxslərin mənfəət vergisindən 2 mlrd. 320 mln. manat, fiziki şəxslərin gəlir vergisindən 1 mlrd. 196 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat məbləğində vəsaitin daxil olacağı proqnozlaşdırılır.
2018-ci il dövlət büdcəsi xərclərinin strukturunda müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 2 mlrd. 197,182 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat yönəldiləcək.
Gələn il üçün əsaslı kapital qoyuluşları 4 mlrd. 924,2 mln. manat məbləğində nəzərdə tutulub.*
A.Əzizov