Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“Gələn il ölkədə ÜDM-in real ifadədə artımı 1,5% olmaqla 69,4 mlrd. manat təşkil edəcək”, - deyə nazirliyin büdcə materiallarında qeyd edilir.
Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,9% artaraq 47,6 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı isə 83% təşkil edəcək.
Bununla belə, Maliyyə Nazirliyinin materiallarında 2017-ci ildə respublikada ÜDM ilə bağlı dəqiq proqnoz verilməyib.
Azərbaycan hökuməti 2017-ci ildə ÜDM artımını 1% səviyyəsində proqnozlaşdırır (proqnoz 2016-cı ilin dekabrında təsdiq edilib - İF). Cari ilin yanvar-sentyabr aylarına olan məlumata əsasən ÜDM 0,6% azalıb, 2016-cı ildə isə azalma 3,1% təşkil edib.*
A.Əzizov