Azərbaycan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (Cooperation Council for the Arab States of the Gulf) üzv ölkələrə kənd təsərrüfatı, ticarət və enerji sahələrində əməkdaşlıq təklif edir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“2016-cı ildə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi 86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollar təşkil edib. Belə iqtisadi münasibətlər bizi qane etmir, çünki onlar daha böyük potensiala malikdir", - deyə Ş.Mustafayev bu gün Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit, təhlükəsiz ölkədir. Siyasi sabitlik iqtisadi əməkdaşlığın inkişaf imkanları baxımından mühüm rol oynayır, çünki ən vacib şərtlərdən biridir”, – deyə o vurğulayıb.
«Biz turizm, kənd təsərrüfatı, alternativ enerji kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmık istəyirik. Azərbaycanın texnologiya parklarında yaxşı imkanlar mövcuddur», - deyə Ş.Mustafayev əlavə edib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərir. Şuraya üzv olan ölkələr tərəfindən Azərbaycan iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə 300 mln. dollar investisiya yatırılıb.*
B.Rüstəmbəyov