Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Bunu prezident İlham Əliyev deyib.
“Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq”, - deyə dövlət başçısı oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır: “Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanıb və bu kəmər gələn il istifadəyə veriləcək”.
İ.Əliyev əlavə edib ki, 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, 2 milyona yaxın iş yeri açılıb. Yoxsulluq 5 faizə düşüb. Valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur.*
A.Əzizov