Azərbaycan Ukraynaya $200 mln. məbləğində sərmayə yatırıb, Ukrayna tərəfinin Azərbaycana investisiyaları isə $25 mln. təşkil edir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
"Azərbaycanda 116 Ukrayna şirkəti fəaliyyət göstərir. Ölkəmizə Ukrayna tərəfindən investisiya qoyuluşları $25 mln., Ukraynaya Azərbaycan investisiyaları $200 mln. təşkil edir", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes forumunda bildirib.
Nazirin sözlərinə görə, yanvar-avqust aylarında Azərbaycan və Ukrayna arasında qarşılıqlı ticarət dövriyyəsi $400 mln. təşkil edib ki, bu da ötən ilin 8 ayının göstəricisindən 2 dəfə çoxdur.
Ş.Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Kiyevdə Azərbaycan Ticarət Evi açılacaq.
Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiva, öz növbəsində Azərbaycan-Ukrayna əməkdaşlığının genişlənməkdə olduğunu qeyd edib.
Onun sözlərinə görə, cari ilin sonuna Ukraynada "Dövlət müəssisələrinin satışı haqqında" qanunun qəbul edilməsi planlaşdırılır və bu prosesdə Azərbaycan şirkətləri də iştirak edə bilər.
"Ölkələrimiz qiymətli əməkdaşlıq təcrübəsinə malikdir və biz onu inkişaf etdirməliyik. Azərbaycan biznesinə nəqliyyat xidmətlərinin imkanlarını, yüklərin tranzitini təklif etmək istəyirəm. Tezliklə biz turizm sahəsində birgə konfrans keçirəcəyik", - deyə S.Kubiva əlavə edib.*
B.Rüstəmbəyov