Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdaş rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.*
N.Abbasova