Ermənistanın təcüvüzü nəticəsində Azərbaycanda məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib. Bunu Azərbaycanınxarici işlər naziriElmar Məmmədyarov deyib.
“Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevrilib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib”, - E.Məmmədyarov İtaliyada təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda bildirib.
Onun sözlərinə görə, məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır. “Bu Azərbaycan hökuməti üçün birinci prioritet məsələ olaraq qalır”, - o qeyd edib.
E.Məmmədyarov vurğulayıb ki, ölkə rəhbərliyi məcburi köçkünlər üçün “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb. “Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb”, - nazir bəyan edib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 6 milyard dollar yönəldib. **
R.Babayev