“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi üzrə podratçı şirkətlər 2012-2016-cı illərdə $9 mlrd. 998,5 mln. məbləğində sifariş yerinə yetiriblər. Bu barədə “2012-2016-cı illərdə BP-nin Azərbaycanda davamlı inkişafı” adlı hesabatda deyilir.
“Göstərilən məbləğdən $4 mlrd. 398,1 mln. dəyərində sifariş birgə müəssisələr, $798 mln. dəyərində sifariş dövlət müəssisələri, $4 mlrd. 802,4 mln. dəyərində sifariş kiçik və orta müəssisələr tərəfindən yerinə yetirilib”, - deyə sənəddə bildirilir.
2012-2016-cı illərdə BP şirkətinin və onun Azərbaycandakı tərəfdaşlarının sosial layihələrin həyata keçirilməsinə investisiyaları $19,1 mln., ümumilikdə ölkədə əməliyyatların başladığı dövrdən etibarən isə $72 mln. təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Bakı-Tbilisi-Ceyhan layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); CIECO (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC Videsh Limited (2,36%) şirkətləridir.*
N.Abbasova