Azərbaycan hökuməti 2018-2021-ci illərdə respublika aeroportlarının modernləşdirilməsi və mülki aviasiyanın inkişafı çərçivəsində bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə 2018-ci il və növbəti 3 il üçün büdcə materiallarında deyilir.
Hökumətin planlarına Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yeni Avianaviqasiya Mərkəzinin tikintisi daxildir.
Bundan başqa, Yevlax aeroportunda radar sisteminin tikintisi, Naxçıvan və Zaqatala aeroportlarında uçuş-enmə zolaqlarının uzadılması və genişləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Mülki aviasiyanın inkişafı və gəlirliliyinin artırılması çərçivəsində 2018-2021-ci illərdə aşağıbüdcəli aviaşirkət (Buta Airways - İF) tərəfindən MDB ölkələri, Türkiyə, İran və digər istiqamətlərə uçuşların coğrafiyasının genişləndirilməsi planlaşdırılır.
Planlara, həmçinin Braziliyanın “Embraer” şirkətinin istehsalı olan və orta məsafəyə uçuşlar üçün nəzərdə tutulan təyyarələrin satın alınması daxildir.*
A.Əzizov