Azərbaycan İtaliya ilə nəqliyyat sahəsində əməkdaşlığı perspektivli hesab edir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
E.Məmmədyarov Palermoda İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüş əsnasında nazirlər iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafını məmnunluqla qeyd ediblər”, - məlumatda qeyd olunur.
E.Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib.
Bundan əlavə, nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması məsələlərini müzakirə ediblər. A.Alfano ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğulayıb
“Görüşdə nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı məsələsini müzakirə ediblər. A.Alfano 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunaraq İtaliyanın münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini deyib”, - məlumatda vurğulanır. **
A.Əzizov