Azərbaycan hökuməti 2017-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin 2016-cı ilin göstəricisi ilə müqayisədə 8,9% - 30,9 mln. ton azalacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2016-cı ildə BTC ilə 33,9 mln. ton, 2017-ci ildə 30,9 mln. ton neft nəql olunub», - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, yanvar-sentyabr aylarında BTC ilə 20 mln. 326,791 min ton Azərbaycan nefti nəql olunub.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin 2010-cu ilin iyun ayından etibarən boru kəməri ilə Türkmənistan neftinin nəqlinə başlanılıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “CIECO” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova