Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış "yaşıl market"in və otelin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Bərdə rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.*
N.Abbasova