Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin işlənmə müddətinin 2050-ci ilədək uzadılması haqqında müqavilə təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Parlamentin vitse-spikeri Valeh Ələsgərov yenilənmiş müqavilənin şərtlərini təqdim edərək bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda çıxarıla bilən neft ehtiyatlarının həcmi 500 mln. tona yaxındır. “Əminəm ki, işlər yerinə yetirildikcə, bu rəqəm daha çox olacaq. Kontrakt sahəsində qalan neft ehtiyatlarını hasil etmək üçün $33 mlrd.-dan artıq vəsait tələb olunur”, - deyə o qeyd edib.
Vitse-spikerin sözlərinə görə, yeni sazişdə SOCAR-ın iştirak payı 25%, xarici şirkətlərin payı isə 75% təşkil edir. Bu saziş 2049-cu il dekabrın 31-dək qüvvədə olacaq.
V.Ələsgərov əlavə edib ki, podratçı şirkətlər tərəfindən ödəniləcək bonus $3,6 mlrd. təşkil edəcək. İllik 8 bərabər hissələrlə, yəni hər il $450 mln. bonus ödəniləcək.
"Layihə üzrə xərclər standart sxem üzrə ödəniləcək. İlk növbədə istismar xərclərinin ödənilməsi nəzərdə tutulub. Daha sonra hasil olunmuş neftin qalan həcminin 50%-i əsaslı xərclərin ödənilməsinə yönəldiləcək, qalan neft isə SOCAR və onun layihə üzrə tərəfdaşları arasında bölünəcək (75% (SOCAR) və 25% (tərəfdaşlar))", - deyə o vurğulayıb.
V.Ələsgərov deyib ki, səmt qazı Azərbaycana əvvəlki şərtlərlə veriləcək. "Müqavilə sahəsində kəşfiyyat işlərinin gedişində yeni təbii qaz yataqları aşkarlanarsa, bu yataqları işləmək hüququ yalnız SOCAR-a aiddir. Bilirik ki, bu ərazidə belə yataqlar mövcuddur. Buna görə müqavilədə onların işlənməsi hüququnun SOCAR-a aid olması qeyd edilir», - deyə vitse-spiker əlavə edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən BP şirkəti (layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” 9,57%, “ExxonMobil” 6,79%, ONGC 2,31%, “Inpex Corp.” 9,31%, ITOCHU Oil 3,65%, “Statoil” 7,27%, TPAO 5,73% paya sahib olacaq.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova, R.Babayev