Noyabrda Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək. Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas məlumat verib.
“Cari ilin noyabr ayında “Şərq tərəfdaşlığı” sammitinə qədər növbəti görüşün keçirilməsi nəzərdə tutulur”, - K.Yankauskas çərşınbə axşamı jurnalistlərə bildirib.
O, danışıqlar prosesini müsbət kimi xarakterizə edərək onların “intensiv” olduğunu qeyd edib.
Həmçinin, diplomat aviasiya sahəsində Azərbaycanla Aİ arasında əməkdaşlığa dair sazişə toxunub. Onun sözlərinə görə, bu saziş həm Azərbaycan, həm də Aİ üçün səmərəli olacaq, çünki “daha ucuz qiymətlərə daha çox reys həyata keçirməyə və turist axınını artırmağa” imkan yaradacaq.
“Bu məsələyə dair növbəti görüşün keçiriləcəyi tarix və yeri Azərbaycan Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirilir. Düşünürəm ki, bu görüş “Şərq tərəfdaşlığı” sammitindən öncə baş tutacaq”, - K.Yankauskas vurğulayıb. **
F.İsazadə