Azərbaycan hökuməti 2018-ci ildə “Azər-Türk Bank”dan dövlət büdcəsinə 1,69 mln. manat məbləğində dividend ödənişin daxil olacağına ümid edir, bu da 2017-ci il üçün proqnoz göstəricidən 2,4 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2017-ci ildə bank tərəfindən dövlət büdcəsinə dividend daxilolmaları 4 mln. 118 min manat, 2018-ci ildə - 1 mln. 690 min manat məbləğində nəzərdə tutulur”, - hökumətdən qeyd ediblər.
Bundan əlavə, 2018-ci ildə “Aqrarkredit” bank olmayan kredit təşkilatı dövlət büdcəsinə 160 min manat (2017-ci ilin proqnozu ilə müqayisədə artım 6,7%), “Azərlotereya” ASC - 1 mln. 287 min manat məbləğində dividend ödəməlidir (azalma 24,5%).
Gələn il “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC dövlət büdcəsinə ilk dəfə dividend ödəyəcək. Onların həcmi 43 min manat təşkil edəcək.
“2017-ci ildə yeganə səhmdarı Maliyyə Nazirliyinin olduğu Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən büdcəyə dividend ödənişi yenidən nəzərdə tutulmayıb”, - hökumətdən qeyd ediblər.
Bütövlükdə, Azərbaycan hökuməti gələn il dövlət şirkətləri və dövlət banklarından büdcəyə 3 mln. 180 min manat məbləğində dividend ödənişinə ümid edir, bu da 2017-ci il üçün proqnozdan 46,6% azdır.
2017-ci ilin yanvar-avqust aylarında dövlət bankları və şirkətlər dövlət büdcəsinə 1 mln. 925 min manat məbləğində dividend ödəyiblər. Bunun 1 mln. 425 min manatı - “Azər-Türk Bank”, daha 500 min manatı - “Azərlotereya”nın payına düşüb.
2016-cı ildə gəlirlərin bu maddəsi ilə dövlət büdcəsinə daxilolmalar 617 min manat təşkil edib. Bunun 117 min manatı “Aqrarkredit”, 500 min manatı “Azərlotereya”nın payına düşüb. **
A.Əzizov